Texnologiyanın sürətli inkişafı həyatımızı asanlaşdırmaqla yanaşı, bir sıra sosial və hüquqi problemlərə yol açır. Belə ki, internet həyatımızın önəmli bir hissəsinə çevrilərək, xəbərləşmədən alış-verişə, maliyyə sektoruna qədər hər sahədə öz təsirini göstərir. Xüsusilə də Koronavirus pandemiyası ilə əlaqədar olaraq Zoom, Teamchat, Amazon, Trendyol kimi onlayn əlaqə və alış-veriş platformaları geniş yayılmış və insanların diqqət mərkəzinə çevrilmişdir. Bu dəyişikliklər fonunda insanlar sosial əlaqələrini Instagram, Twitter kimi platformalar üzərindən qurmağa başlayıb və yeni peşə sahələri yaranıb. Nəticədə, sosial media hesabları, alış-veriş platformaları, habelə onlayn bankçılıq, bulud xidmətləri və mərkəzi valyutaları əvəz edən kripto valyutalar virtual aləmdə maddi dəyərə malik olur ki, bu da özlüyündə “rəqəmsal miras” anlayışını ortaya çıxarır.
Milli qanunvericiliyimizdə, təəssüf ki, “rəqəmsal miras” anlayışı ilə bağlı hər hansı hüquqi baza və təcrübə olmadığından xarici ölkələrin hüquq sisteminə müraciət etmək mövzunun anlaşılması baxımından faydalı ola bilər.
Türkiyə qanunvericiliyi də daxil olmaqla bir çox ölkələrin
qanunvericiliyində rəqəmsal miras anlayışı yeni və inkişaf etməkdə olan bir
anlayışdır. Türkiyədə rəqəmsal mirasla bağlı ilk qərar Antalya Bölge Adliye Məhkəməsi
6-cı Hüquq Dairəsinin 13.11.2020-ci il tarixli qərarı ilə verilmişdir. Sözügedən
6-cı Hüquq Dairəsinin 2020/1149 E., 2020/905 K. saylı qərarında, iddiaçı varislər
tərəfindən açılan iddiada;
"Miras qoyanın ölümündən sonra istifadə etdiyi
mobil telefonda ICloud adlanan bulud sisteminin istifadə edildiyi və telefonda
mövcud olan fotoşəkillər, videolar, səs yazıları, media faylları, sənədlər,
elektron poçtlar, qeydlər kimi bir çox məlumatın bu sistemdə qeyd edildiyi, bu
sənədlərə yalnız Apple ID və şifrə ilə daxil olmağın mümkün olduğu, həmçinin bu
hesaba bağlı və bu hesab vasitəsilə idarə olunan əmlakın olduğu, hesabda
e-ticarət sayt hesabları, hədiyyə çekləri və kuponların olduğunun
bilindiyi"
əsasları ilə bulud tətbiqi olan ICloud hesabının
mirasın tərkibinə daxil olduğu qəbul edilərək ona giriş təmin edilmişdir. Bu qərardan
göründüyü kimi, ICloud tətbiqinin mirasa daxil edilməsində əsas meyar “maddi dəyərə
malik” məlumatların mövcud olmasıdır. Məhkəmənin qərarının əsaslandırmasında da
qeyd edildiyi kimi, müasir texnologiya dövründə rəqəmsal aktivlər və onlara aid
olan tətbiqlər sosial həyatımızla birləşərək həyatımızın ayrılmaz hissəsinə
çevrilmişdir. Sosial media hesabları, bankçılıq və rabitə sektorlarının mobil tətbiqləri,
kripto pul yatırımı, çıxarılması və istifadəsi kimi maliyyə tətbiqləri kimi
müasir həyatın hər sahəsində istifadəçilər tərəfindən qəbul edilmişdir.
Türkiyə hüququnda bu cür mübahisələrin həlli üçün xüsusi qanunvericilik olmadığından, Antalya Bölge Adliye Məhkəməsi 6-cı Hüquq Dairəsinin mövcud prinsip və qaydalar əsasında verdiyi qərar presedent xarakteri daşıyır. Bu cür qərarlar verilərkən əsas müzakirə olunmalı məsələ isə rəqəmsal aktivlərə giriş zamanı mümkün ola biləcək şəxsi məlumatlara müdaxilə və fərdi hüquqların pozulmasıdır. Belə ki, Antalya Bölge Adliye Məhkəməsi 6-cı Hüquq Dairəsi, birinci instansiya məhkəməsinin şəxsi həyatın məxfiliyini əsas gətirərək rədd etdiyi iddiada varis statusuna malik şəxslərin birbaşa şifrə əldə etmələrinin hüquqi uyğunluğunun yoxlanılması üçün bir qərar qəbul edilməsinin lazım olduğunu bildirmişdir [1].
Almaniyada yaşayan bir Facebook istifadəçisinin qatar qəzasında ölümü nəticəsində "rəqəmsal miras" anlayışı ilk dəfə olaraq ali məhkəmənin qarşısına çıxıb və bu çərçivədə Almaniya Federal Məhkəməsi rəqəmsal miras mövzusunu müxtəlif aspektlərdən araşdıraraq qərar qəbul etmişdir. Almaniya Federal Məhkəməsi 12.07.2018 tarixli qərarı ilə 15 yaşlı bir Facebook istifadəçisinin ölümü ilə sosial media hesabının miras qalmasının mümkün olub-olmadığını, ölən şəxsin Facebook hesab şifrəsinin ailəsinə verilməsinin mümkünlüyünü qiymətləndirmiş və bu çərçivədə Qitə Avropa Hüquq Sistemi üçün rəqəmsal miras mövzusunda baza yaradacaq bir qərar qəbul etmişdir. Almaniya Federal Məhkəməsi, Almaniya Vəkillər Kollegiyasının bu qərara dair rəy yazısına istinad edərək rəqəmsal miras anlayışını belə tərifləmişdir: “Əqli mülkiyyət hüquqları, veb-saytlardakı hüquqlar, domen adı hüquqları, həmçinin internet xidmət təminatçısı ilə miras qoyan arasında internetin özü və müxtəlif internet xidmətlərinin istifadəsi ilə bağlı yaradılmış bütün müqavilə münasibətləri də daxil olmaqla, rəqəmsal əmlakın hamısı rəqəmsal mirasdır”. Bu rəy yazısı və müvafiq təriflər əsasında Almaniya Federal Məhkəməsi, Alman Mülki Məcəlləsinin 1922-ci maddəsinə əsaslanaraq “universal varislik prinsipi”nə görə Berlin Əyalət Məhkəməsinin verdiyi qərarı ləğv etmiş və rəqəmsal əmlakın, sosial media hesablarının mirasçılara keçməli olduğuna qərar vermişdir [2].
Fikrimizcə, virtual profillərin miras əmlaka aid edilməsi
üçün mühüm meyar onun maddi dəyərə malik olmasındadır. Buna görə də virtual
profilləri iki qrupa bölə bilərik: 1. sadəcə ünsiyyət qurmaq məqsədilə
yaradılan, ticari məqsədləri olmayan hesablar; 2. biznes məqsədilə yaradılan və
gəlir gətirən virtual hesablar
1. Mülki Məcəlləmizin 1153-cü maddəsinə əsasən şəxsi
xarakter daşıyan və yalnız miras qoyana mənsub ola bilən əmlak hüquqları və vəzifələr,
habelə qanunda və ya müqavilədə nəzərdə tutulan, yalnız kreditorun və borclunun
sağlığında qüvvədə olan və onların ölümü ilə xitam verilən hüquq və vəzifələr
mirasın tərkibinə daxil deyildir [3]. Bu tip normalar bir çox ölkələrin hüquq
sistemlərində mövcuddur. Bu normaya əsaslanaraq ticari məqsədi olmayan profillərin
miras obyektinə çevrilməyəcəyi fikri də milli qanunvericiliyimizə uyğun
olduğunu söyləmək olar. Bu, Konstitusiyamızın 32-ci maddəsindəki şəxsi
toxunulmazlıq hüququ baxımından da məntiqlidir: hər kəsin yazışma, telefon
danışıqları, poçt, teleqraf və digər rabitə vasitələri ilə ötürülən məlumatın
sirrini saxlamaq hüququna dövlət təminat verir [4]. Ölən şəxsin belə bir
hüququnun qalıb-qalmaması mübahisə mövzusu olsa da, sağlığında ünsiyyət qurduğu
insanların bu hüquqa malik olduğu şübhəsizdir. Bu səbəbdən, yuxarıda Almaniya
Federal Məhkəməsinin rəqəmsal miras anlayışına bütün müqavilə münasibtələrini
daxil etməsini dügün hesab etmirik.
2. Biznes məqsədilə yaradılan və gəlir gətirən virtual
hesablardır ki, onların miras obyektinə çevrilməsi bir çox ölkələrdə artıq
mübahisəsiz qəbul edilir. Məsələn, "Forbes" jurnalının 2019-cu il
tarixli bir məqaləsində "Ryan's World" adlı "YouTube"
kanalının 2019-ci ildə illik 26 milyon dollar qazanc əldə etdiyi qeyd olunub
[5]. Başqa bir nümunə, məşhur sosial şəbəkə hesablarıdır ki, reklamlar vasitəsilə
gəlir əldə edirlər. "Business Insider"in 2019-cu ildə verdiyi məlumata
görə, dünya şöhrətli futbol ulduzu C. Ronaldo 2018-ci ildə
"Instagram" hesabından "Juventus" klubundan əldə etdiyi gəlirdən
14.8 milyon dollar artıq qazanıb [6]. İnternetdə ticari məqsədli hesablarla pul
qazanma yolları çoxdur və bu nümunələri artırmaq mümkündür. Lakin hal-hazırda nə
ölkəmizdə, nə də qlobal miqyasda bu sahədə formalaşmış hüquqi təcrübə və
qanunvericilik mövcud deyil. Bu isə yaxın gələcəkdə hüquqşünasların mülki qanunvericiliyi
yenidən nəzərdən keçirməli olacaqları anlamına gəlir.
Mənbələr:
1.
Orhan Gazi Sarıdağ, Antalya Bölge Adliye Mahkemesi 6.
Hukuk Dairesi’nin 13.11.2020 Tarihli Kararı Çerçevesinde Dijital Terekenin
Kapsamınının İncelenmesi, Bilişim Hukuk Dergisi 2002/2, https://dergipark.org.tr/en/download/article-file/2802674
2.
Çiğdem İleri, “Dijital Miras” - Alman Federal
Mahkemesi’nin “Facebook” Kararı Üzerine Bir İnceleme, TBB Dergisi 2020 (146), https://www.turkiyehukuk.org/wp-content/uploads/2021/07/dijital-miras-cigdem-ileri.pdf
3.
Azərbaycan Respublikasının Mülki Məcəlləsi, https://e-qanun.az/framework/46944
4.
Azərbaycan Respublikasının Konstitusiyası, https://e-qanun.az/framework/897
5.
Forbes, The Highest-Paid YouTube Stars of 2019: The
Kids Are Killing It, https://www.forbes.com/sites/maddieberg/2019/12/18/the-highest-paid-youtube-stars-of-2019-the-kids-are-killing-it/
6.
Business Insider, Cristiano Ronaldo reportedly makes
more money being an influencer on Instagram than he does playing soccer for
Juventus, https://www.businessinsider.com/cristiano-ronaldo-makes-more-money-from-instagram-than-juventus-2019-10
Comments
Post a Comment