Skip to main content

Elektron imza

 

Elektron imza və onun hüquqi qüvvəsi

Rafət Qaraşlı, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi.

For English Version

            Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada ötürülən informasiyanın təhlükəsizliyinin qorunması və elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi çox mühüm məsələdir. Bu isə öz növbəsində elektron imzanın zəruriliyini ortaya çıxarır. Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır [1]. Elektron imza bizim virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza sertifikatı ilə kimliyini təsdiq edir, sistem onu eyniləşdirir və virtual mühitdə istədiyi əməliyyatı aparmağa imkan verir. Bir sözlə real mühitdə hasısa xidmət üçün istənilən quruma gedərkən bizdən şəxsiyyət vəsiqəmizi tələb edirlər, virtual məkanda isə bizim şəxsiyyətimizi təsdiq edən sənəd elektron imza sertifikatımızdır [2].

Elektron imza elektron sənədi hazırlayan şəxsin sənədi təsdiqləyərək digər tərəfə göndərməsi, həmçinin, elektron imza vasitəsi tələb edən elektron xidmətlərdən istifadə etmək üçündür. AR qanunvericiliyinə əsasən elektron imza dedikdə imza sahibini identikləşdirməyə imkan verən verilənlər (informasiya texnologiyaları vasitələri ilə emal edilməyə yararlı informasiya) başa düşülür [3]. Birləşmiş Millətlər Təşkilatının Beynəlxalq Ticarət Hüququ üzrə Komissiyasının qəbul etdiyi “Elektron imzalar haqqında” Model Qanununun (2001) 2-ci maddəsində isə elektron imzaya aşağıdakı qaydada anlayış verilir: “Elektron imza verilənləri imzalayan şəxsi müəyyən etmək və onun bu verilənlərdə mövcud informasiyanı təsdiqlədiyini göstərmək üçün istifadə oluna bilən sözügedən verilənlər ilə bağlı, yaxud onunla məntiqi şəkildə əlaqəli elektron formalı məlumatdır” [4]. Bəs elektron imza ilə elektron ticarət zamanı aparılan əməliyyatlar, xüsusilə, bağlanan müqavilələr arasındakı qarşılıqlı əlaqə nədən ibarətdir?

            Belə ki, mülki münasibətlərdə hüquq və vəzifələrin əmələ gəlməsi, bir qayda olaraq, müqavilələrlə bağlıdır. Müqavilənin bağlanmış sayılması üçün tərəf qarşılıqlı olaraq müəyyən hüquqi nəticəni əmələ gətirmək arzusunda olmalı və buna uyğun mühüm şərtləri özündə əks etdirən iradələrini bəyan etməlidirlər. Bir sözlə müqavilənin bağlanması üçün tərəflərin razılaşdırılmış iradə ifadəsi olmalıdır [5]. Yəni müqavilənin bağlanmış sayılması üçün tərəflərin təkcə müqavilənin bütün mühüm şərtləri barəsində razılığa gəlmələri kifayət etmir. Bunun üçün, həm də tərəflərin razılığının tələb edilən formada ifadə olunması gərəkdir [6].

            Mülki Məcəllənin 407.2-ci maddəsinə əsasən, sadə yazılı müqavilə müvafiq qaydada imzalandığı, notarial qaydada təsdiq edilməli müqavilə isə müvafiq qaydada təsdiq edildiyi andan bağlanmış sayılır [5]. Yazılı formalı müqavilələr iki üsulla bağlanır. Birinci üsul bir sənəd tərtib etməkdən ibarətdir. Sənəd tərtibi yolu ilə bağlanan müqavilə onun şərtlərini əks etdirir və müqaviləni bağlayan tərəflər onu imzalayırlar. Tərəflərin vəkil etdikləri şəxslər də müqaviləni imzalaya bilərlər. Mülki Məcəllənin 331.1-ci maddəsinə əsasən, yazılı əqd onun məzmununu ifadə edən və əqdi bağlayan şəxs və ya şəxslər və ya onların lazımınca vəkil etdikləri şəxslər tərəfindən imzalanmış sənədin tərtibi yolu ilə bağlanmalıdır. İkinci üsul isə sənədlər mübadiləsindən ibarətdir [6]. Belə ki, Mülki Məcəllənin 406.3-cü maddəsinə uyğun olaraq yazılı formada müqavilə tərəflərin imzaladığı bir sənədin tərtibi yolu ilə yanaşı, məktubların, teleqramların, elektron sənədlərin və ya digər verilənlərin mübadiləsi yolu ilə bağlana bilər [5]. Yalnız zəruridir ki, həmin rabitə vasitələri sənədin müqavilə iştirakçısından (tərəfindən) gəlməsini dürüst müəyyənləşdirməyə imkan versin [6]. Bu zaman bir sual ortaya çıxır: AR Mülki Məcəlləsinin 407.2-ci maddəsində nəzərdə tutulan “müvafiq qaydada imzalama” anlayışına elektron imza ilə təsdiq etmə də aiddirmi? Belə ki, AR Mülki Məcəllənin 331.3-cü maddəsinə görə, əqdlərin bağlanması zamanı mexaniki və ya başqa surətçıxarma vasitələrinin köməyi ilə imzanın faksimilesindən, elektron imzadan və ya şəxsi imzanın başqa analoqundan istifadə edilməsinə tərəflərin razılaşmasında nəzərdə tutulan hallarda və qaydada yol verilir. Elektron imzadan istifadə etmə qaydaları qanunvericiliklə müəyyən edilir. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununun 3.2-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş hallar istisna olmaqla, sertifikatlaşdırılmış imza vasitələri ilə yaradılmış və qüvvədə olan təkmil sertifikatlı gücləndirilmiş imza əl imzası ilə bərabər hüquqi qüvvəyə malikdir [6]. Yəni AR qanunvericiliyi elektron imzanın hüquqi qüvvəsini əl imzasının hüquqi qüvvəsinə o zaman bərabər tutur ki, elektron imza sertifikat xidmətləri mərkəzi tərəfindən verilmiş sertifikat (imza sahibini identikləşdirmək üçün nəzərdə tutulan və elektron imzanı yoxlama məlumatlarının imza sahibinə məxsus olması barədə sertifikat xidmətləri mərkəzinin verdiyi kağız və ya elektron sənəd) ilə təsdiqlənmiş olsun və sertifikatda imza sahibinin səlahiyyətlərinə dair məlumatlar göstərilsin. Bununla yanaşı, AR qanunvericiliyində qeyd edilir ki, elektron formada və ya sertifikatsız olduğuna, sertifikatlaşdırılmamış imza vasitələri ilə yaradıldığına görə elektron imza etibarsız sayıla bilməz [3]. Yəni elektron imza üçün sertifikatın olmaması onun və ya məlumatın etibarsız olduğu mənasına gəlmir. Sertifikatlaşdırma tələb deyil, seçim kimi qoyulmuşdur. Yekun olaraq AR Konstitusiya Məhkəməsi “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Plenum Qərarında AR Mülki Məcəlləsinin 407.2-ci maddəsində nəzərdə tutulan “müvafiq qaydada imzalama” vasitələrinə elektron imzanı da aid etmiş və yazılı müqavilələrin elektron imzadan istifadə etməklə də bağlanmasının mümkünlüyünü təsdiq etmişdir [6].

 

 

Mənbələr:

1. Elektron hökumət. E-imza haqqında ümumi məlumat. URL: https://e-gov.az/az/content/read/5

2. Milli Sertifikat Xidmətləri Mərkəzi – SİMA Token. URL: https://token.sima.az/az/about

3. “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanunu (9 mart 2004). URL: https://e-qanun.az/framework/5916

4. UNCITRAL Model Law on Electronic Signatures with Guide to Enactment. – 2002, 83 s.  URL: https://uncitral.un.org/sites/uncitral.un.org/files/media-documents/uncitral/en/ml-elecsig-e.pdf

5. AR Mülki Məcəlləsi. – 2024. URL: https://e-qanun.az/framework/46944

6. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 407.2-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikasının Plenumunun Qərarı (20 avqust 2020). URL: https://www.constcourt.gov.az/az/decision/1169

Comments

Popular posts from this blog

İfadə Azadlığı

  İfadə Azadlığı Milli Təhlükəsizlik Çərçivəsində   Məhin Əkbərova, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ifadə azadlığı dedikdə hər kəsin öz fikrini ifadə etmək azadlığı   hüququna malik olması nəzərdə tutulur. İfadə azadlığı ən əsas insan hüquqlarından biri olmaqla yanaşı, digər insan hüquqlarının müdafiəsi və təşviqi üçün də olduqca mühümdür. Sözügedən Konvensiyaya görə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda bu hüquq məhdudiyyətlərə məruz qala bilər. İfadə azadlığının məhdudlaşmasına bəraət qazandıra biləcək həmin hallardan biri də milli təhlükəsizlikdir [1]. Təcrübədə milli təhlükəsizliyə qarşı real təhlükənin mövcudluğunu müəyyən etmək heç də asan deyil, çünki milli təhlükəsizliyə qarşı təhdidlərin mövcud olması demokratiya və insan hüquqları daxil olmaqla bütün həyatımızın təhlükə altında olması anlamına gəli...

Mənəvi Zərər

Mülki Hüquqda Mənəvi Zərər Anlayışı və Təcrübədə Rastlaşdığımız  Problemlər Nəzrin Fətəliyeva, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version Mülki hüquqda zərər anlayışı  Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür [1]. Mülki hüquqda zərər anlayışı maddi və mənəvi zərər olmaqla 2 yerə ayrılır: Maddi zərər  –  əmlak aktivlərində baş verən və pulla ifadə edilə bilən itkilərdir. Maddi zərər həm əmlak dəyərinin pozulması, həm də şəxsin sağlamlığının pozulması ilə baş verə bilər. Məsələn, başqasının evini yandırmaq, müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməmələrinə görə şəxslərə təyin edilmiş cəzalar, əmlak qiymətləri ilə bağlı əməllərdir [...