Skip to main content

Mənəvi Zərər

Mülki Hüquqda Mənəvi Zərər Anlayışı və Təcrübədə Rastlaşdığımız  Problemlər

Nəzrin Fətəliyeva, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi.

For English Version

Mülki hüquqda zərər anlayışı 

Zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür [1]. Mülki hüquqda zərər anlayışı maddi və mənəvi zərər olmaqla 2 yerə ayrılır:

Maddi zərər – əmlak aktivlərində baş verən və pulla ifadə edilə bilən itkilərdir. Maddi zərər həm əmlak dəyərinin pozulması, həm də şəxsin sağlamlığının pozulması ilə baş verə bilər. Məsələn, başqasının evini yandırmaq, müqavilə öhdəliklərini vaxtında yerinə yetirə bilməmələrinə görə şəxslərə təyin edilmiş cəzalar, əmlak qiymətləri ilə bağlı əməllərdir [2, s. 428].


Mənəvi zərər – hüquqazidd hərəkət nəticəsində, şəxsin  iradəsindən kənar yaranan və əmlakla bağlı olmayan şəxsi qeyri-əmlak xarakterli dəyərlərinə nisbətdə olan əksilmədir. Mənəvi zərərdən danışmaq üçün isə şəxsin həmin hüquqlarının təkcə obyektiv cəhətdən pozulması yetərli deyildir. Həm də bu pozuntu səbəbindən şəxsin iztirab çəkməsi, mənəvi çöküşə məruz qalması və bunun nəticəsində emosional aləmində bir sarsıntı keçirməsi lazımdır [2, s. 430]. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə ifadə oluna bilər. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin onun şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır [3]. 

Mənəvi zərər ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin məşhur qərarlarından biri də “Kudla Polşaya qarşı” işidir. Belə ki, 8 avqust 1991-ci ildə Krakov regional prokurorunun yanına gətirilərək dələduzluqda və saxtakarlıqda ittiham olunan və barəsində həbs qətimkan tədbiri seçilən müttəhim dəfələrlə depressiyadan əziyyət çəkdiyini, psixoloji vəziyyətinin pis olduğunu, gecələr yata bilmədiyini, intihara cəhd etdiyini və polis nəzarəti ilə evə buraxılmasını xahiş edib. Psixiatrların rəyində “Müttəhim xəstəxana palatasına göndərilməli və mütəxəssis heyətinin nəzarəti altında olmalıdır, həmçinin, onun psixiatr və psixoloq tərəfindən müayinəsi təmin olunmalıdır” kimi fikirlərin əks olunmasına baxmayaraq, məhkəmə bu halları diqqətə almamış, məhkəmə araşdırması uzun çəkdiyi üçün ərizəçi mənəvi iztirablara məruz qalmışdır. Ərizəçi ona dəymiş mənəvi zərərin ödənilməsini tələb etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi ərizəçinin həbsdə saxlanma müddətinin və məhkəmə araşdırmasının uzanması nəticəsində iztirablara məruz qaldığını və məyusluq keçirdiyini qəbul etmişdir. Məhkəmə mənəvi zərər başlığı altında ərizəçiyə 30.000 PLN (pul vahidi) təzminat ödənilməsini təyin etmişdir [4].

Təcrübədə məhkəmələrin qarşılaşdığı çətinliklər

Mənəvi zərərin təyin edilməsi hazırda aktual olan məsələlərdən biridir və məhkəmələr qərar vermə prosesində müəyyən çətinliklərlə üzləşə bilir. Gəlin həmin məqamları aydınlaşdıraq: 

1. Çox vaxt mənəvi zərərin qarşılığında təzminatın həcmini müəyyən etmək müşkül məsələyə çevrilir. Çünki insanın keçirdiyi mənəvi iztirabların, sarsıntıların miqdarını müəyyən etmək və dəymiş zərəri pulla əvəz etmək maddi zərəri müəyyən edərək kompensasiya təyin etməkdən qat-qat çətin bir məsələdir. Kompensasiya sözünün mənası əvəzləşdirmə və ya itkinin yerinin doldurulması deməkdir [5]. İnsanın keçirdiyi mənəvi sarsıntıların, iztirabların həcmini müəyyən etmək mümkün olmadığı üçün, dolayısı ilə onu əvəzləşdirmək, tarazlamaq və ya itkinin yerini doldurmaq da mümkün deyildir. Məhz buna görə də məhkəmələr maddi zərərin əvəzində kompensasiya, mənəvin zərərin əvəzində isə təzminat müəyyən edirlər. Eyni zamanda “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarı qeyd edir ki, “mənəvi sarsıntı və iztirabın ağırlıq dərəcəsi mənəvi zərərin ödənilməsi tələbinin rədd edilməsi üçün əsas deyildir” [6].

2. Mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə Azərbaycan Respublikası Mülki Məcəlləsində birbaşa göstəriş qeyd olunmamışdır. Lakin “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” AR Ali Məhkəməsinin Plenum Qərarı qeyd edir ki, “konkret hüquq münasibəti üzrə milli qanunvericilik aktında mənəvi zərərin ödənilməsinin mümkünlüyü barədə birbaşa göstərişin olmaması bu barədə tələbin rədd edilməsi üçün əsas deyildir” [3]. Mülki Məcəlləmizin 21 və 23-cü maddələri fiziki şəxslərə onlara dəymiş zərərin əvəzini tələb etmək hüququ verir, lakin bu maddələrdə maddi yoxsa mənəvi zərərin nəzərdə tutulduğu yenə də dəqiq göstərilmir. Qeyd olunan anlaşmazlığa aydınlıq gətirmək üçün "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü  maddələrinin şərh edilməsinə dair" AR Konsitutsiya Məhkəməsinin Plenum Qərarı qeyd edir ki, “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci maddəsinin müddəaları yalnız real zərərin, habelə əldən çıxmış faydanın ödənilməsini nəzərdə tutur. Həmin Məcəllənin 23-cü maddəsində nəzərdə tutulmuş zərər dedikdə şərəfin, ləyaqətin və işgüzar nüfuzun ləkələnməsi ilə bağlı şəxsə dəymiş mənəvi zərər (fiziki və mənəvi iztirablar) və maddi zərər başa düşülür” [6]. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair" AR Konstitusiya Məhkəməsinin Plenum Qərarında bu məqam bir qədər də dəqiqləşdirilir: "AR Mülki Məcəlləsinin 23-cü maddəsi şəxsin hüquqazidd hərəkətlər nəticəsində öldüyü və ya sağlamlığına zərər vurulduğu halda onun yaxınlarının, o cümlədən ailə üzvlərinin keçirdikləri mənəvi sarsıntı və iztiraba görə təzminat almaq hüququnu ehtiva edir" [7].

3.  Mənəvi zərəri tələb etmək hüququ yalnız fiziki şəxslərə məxsusdur yoxsa hüquqi şəxslər də bu hüquqdan istifadə edə bilərmi? – sualı da müzakirə yaradan məsələlərdən biridir. Bu məsələ ilə bağlı AR Ali Məhkəməsinin mövqeyi ondan ibarətdir ki, mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və digər funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna xələl gəldikdə həmin hüquqi şəxs yalnız vurulmuş maddi zərərin əvəzinin  ödənilməsini tələb edə bilər [3].

4.  Mübahisə doğuran digər məsələ isə mənəvi zərərin ödənilmə qaydasıdır. Plenum qeyd edir ki, mənəvi zərərin miqdarı işin konkret hallarından asılı olaraq məhkəmə tərəfindən müəyyən edilir. Bu zaman mənəvi zərərin baş verməsinə səbəb olmuş hərəkətin və ya hərəkətsizliyin təhlükəlilik dərəcəsi, bunun nəticəsində zərərçəkənin keçirdiyi mənəvi iztirab və sarsıntıların xarakteri və ağırlığı, zərərvuran şəxsin təqsiri (qəsd və yaxud ehtiyatsızlıq) və əmlak vəziyyəti, zərərçəkən şəxsin fərdi xüsusiyyətləri (azyaşlı və yaxud qadın olması, səhhəti ilə əlaqədar mənəvi sarsıntı və iztirablara dözümü, peşə və sənəti, cəmiyyətdə nüfuzu və s.), habelə işin sair diqqətəlayiq halları nəzərə alınmalıdır. Zərərin məbləği ağlabatan və ədalətli olmalıdır. Plenum qərarına əsasən, mənəvi zərərin əvəzi bir qayda olaraq pulla müəyyən edilir və ödənilir. Məhkəmə işin konkret hallarından asılı olaraq qəbul etdiyi qətnamə ilə pozulmuş hüququn bərpa edilməsini mənəvi zərərin ödənilməsi kimi qiymətləndirə bilər. Məsələn, şərəf, ləyaqət və işgüzar nüfuza zərər vuran yanlış məlumatların təkzib edilməsi, zərərçəkən şəxsdən üzr istənilməsi buna misal ola bilər [3].

Nəticə

“Mənəvi zərər” anlayışı və onun təyin edilməsi günümüzdə mübahisələr doğurur. Bununla belə, məhkəmələr tərəfindən mənəvi zərərə görə təzminatın miqdarı müəyyən edilərkən hüquqazidd əməlin növü, dərəcəsi, davam etdiyi müddət, hansı şəraitdə, mühitdə baş verməsi və digər amillər nəzərə alınmalı, mütənasiblik və ədalətlilik meyarlarına uyğun olaraq həll edilməlidir [7].

                                                               Mənbələr:

1. Azərbaycan Respublikası Mülki Məcəlləsi, https://e-qanun.az/framework/46944

2. Özlem Söğütlü. Roma Özel Hukuku. – Ankara: Seçkin Yayıncılık, – 2022, – 824 s. 

3. "Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarı, https://e-qanun.az/framework/16647 

4. "Kudla Polşaya Qarşı" (2000) Avropa İnsan Hüquqları Məhkəməsinin Qərarı https://hudoc.echr.coe.int/eng?i=001-105339

5. Cambridge Dictionary, https://dictionary.cambridge.org/dictionary/english/compensation 

6. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21 və 23-cü maddələrinin şərh edilməsinə dair" Azərbaycan Respublikası Konsitutsiya Məhkəməsinin Qərarı, https://www.constcourt.gov.az/az/decision/65 

7. "Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair" AR Konstitusiya Məhkəməsinin Plenum Qərarı, https://e-qanun.az/framework/45073 


Comments

Popular posts from this blog

İfadə Azadlığı

  İfadə Azadlığı Milli Təhlükəsizlik Çərçivəsində   Məhin Əkbərova, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version Avropa İnsan Hüquqları Konvensiyasına əsasən ifadə azadlığı dedikdə hər kəsin öz fikrini ifadə etmək azadlığı   hüququna malik olması nəzərdə tutulur. İfadə azadlığı ən əsas insan hüquqlarından biri olmaqla yanaşı, digər insan hüquqlarının müdafiəsi və təşviqi üçün də olduqca mühümdür. Sözügedən Konvensiyaya görə qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallarda bu hüquq məhdudiyyətlərə məruz qala bilər. İfadə azadlığının məhdudlaşmasına bəraət qazandıra biləcək həmin hallardan biri də milli təhlükəsizlikdir [1]. Təcrübədə milli təhlükəsizliyə qarşı real təhlükənin mövcudluğunu müəyyən etmək heç də asan deyil, çünki milli təhlükəsizliyə qarşı təhdidlərin mövcud olması demokratiya və insan hüquqları daxil olmaqla bütün həyatımızın təhlükə altında olması anlamına gəli...

Elektron imza

  Elektron imza və onun hüquqi qüvvəsi Rafət Qaraşlı, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi. For English Version             Kompüter texnologiyalarının inkişaf etməkdə olduğu dünyada ötürülən informasiyanın təhlükəsizliyinin qorunması və elektron əməliyyatların həyata keçirilməsi zamanı vətəndaşın kimliyinin ayırd edilə bilməsi çox mühüm məsələdir. Bu isə öz növbəsində elektron imzanın zəruriliyini ortaya çıxarır. Elektron imza ideyası 20-ci əsrin 70-80-cı illərdə meydana gəlib və əsas mahiyyəti informasiyanı hazırlayan şəxsin həqiqiliyinin yoxlanılması və 3-cü tərəfə (məhkəmə, internet market və s.) bu informasiyanı yaradan şəxsi müəyyən etməsinə imkan yaratmaqdır [1]. Elektron imza bizim virtual məkandakı imzamızdır. Yəni hər hansı bir elektron xidmətdən istifadə edərkən, mail göndərərkən, elektron hökumət portalında qeydiyyatdan keçərkən vətəndaş öz elektron imza ser...