İfadə Azadlığı Milli Təhlükəsizlik Çərçivəsində
Məhin Əkbərova, Bakı Dövlət Universiteti SABAH qruplarının "hüquqşünaslıq" ixtisası üzrə 3-cü kurs tələbəsi.
Avropa
İnsan Hüquqları Konvensiyasına əsasən ifadə azadlığı dedikdə hər kəsin öz
fikrini ifadə etmək azadlığı hüququna
malik olması nəzərdə tutulur. İfadə azadlığı ən əsas insan hüquqlarından biri
olmaqla yanaşı, digər insan hüquqlarının müdafiəsi və təşviqi üçün də olduqca
mühümdür. Sözügedən Konvensiyaya görə qanunla nəzərdə tutulmuş və demokratik
cəmiyyətdə zəruri olan hallarda bu hüquq məhdudiyyətlərə məruz qala bilər.
İfadə azadlığının məhdudlaşmasına bəraət qazandıra biləcək həmin hallardan biri
də milli təhlükəsizlikdir [1].
Təcrübədə
milli təhlükəsizliyə qarşı real təhlükənin mövcudluğunu müəyyən etmək heç də
asan deyil, çünki milli təhlükəsizliyə qarşı təhdidlərin mövcud olması
demokratiya və insan hüquqları daxil olmaqla bütün həyatımızın təhlükə altında
olması anlamına gəlir. Bununla yanaşı tarixə nəzər saldıqda, bəzən hökumətlərin
ifadə azadlığının məhdudlaşdırılması üçün “milli təhlükəsizlik” dən bir vasitə
kimi istifadə etdiyi müşahidə olunmuşdur [2]. O zaman belə bir sual ortaya
çıxır: Milli təlükəsizlik hansı hallarda ifadə azadlığını məhdudlaşdırmaq üçün
əsasdır?
Bu suala cavab vermək üçün hökumətlərin öz məhkəmə təcrübələri daxilində ifadə azadlığına münasibətdə milli təhlükəsizlik üzrə təhdidlərlə bağlı işlərinə baxan Avropa İnsan Hüquqları Məhkəməsinin qərarlarına nəzər yetirmək olar.
![]() |
Belə ki, “Leroy Fransaya qarşı” işində Leroy 11 Sentyabr 2001-ci ildə baş verən Əkiz Qülləllərə edilən teror hücumlarını əks etdirən karikaturasının nəşri ilə əlaqədar olaraq terrorizmə göz yumma ilə ittiham olunur və cərimələnir. Karikaturada “Biz hammımız bunu xəyal etdik... Həmas bunu etdi” başlığı yer alırdı. Ərizəçinin kapitalizm və imperializmi tənqid etmək məqsədi olduğunu iddia etməsinə baxmayaraq Avropa İnsan Hüquqları Məhkəməsi hesab edir ki, Fransa hökumətinin ərizəçinin ifadə azadlığını məhdudlaşdırması demokratik cəmiyyətdə təhlükəsizliyin qorunması baxımından adekvat addımdır. Həmçinin, Məhkəmə Leroyun karikaturasının hücum baş verən günü çəkildiyinə diqqət yetirərək həmin karikaturanın zorakılığı artıra və ictimai asayişə təsir göstərə biləcəyi qənaətinə gəldi. Bu qəbildən olan məhkəmə işlərində əsas məqam terorizmə qarşı mübarizə tədbirləri görülərkən ifadə azadlığı hüququ ilə demokratik cəmiyyətlərin terror təhlükəsindən qorunmaq hüququ arasında ədalətli tarazlıq təmin etməkdir [3].
Amma terrorçuluq iddiaları üzərinə ifadə azadlığının məhdudlaşması ilə bağlı olan “Belek Türkiyəyə qarşı” işində isə mənzərə tamamilə fərqli idi. Belə ki, ərizəçilərin Kürdüstan Fəhlə Partiyasından (PKK) sitatlarla məqalə dərc etmələri onların qanunsuz silahlı təşkilatın bəyanatlarını dərc etməkdə ittiham olunaraq cəzalanmalarına səbəb oldu. AİHM-in mövqeyinə görə isə ifadələrdə zorakılıq, silahlı müqavimət və üsyana çağırış yoxdur, ona görə də şəxslərin ifadə azadlığına müdaxilə üçün yetərli əsaslar mövcud deyil. Belə ki, məhkəmələr bu kimi məsələlərə daha diqqətli yanaşmalı, onun dərc edilmə kontekstini nəzərdən keçirməlidirlər [4].
Eyni məsələ ilə bağlı olsa belə, “Sürek Tükiyəyə qarşı” işində AİHM-in mövqeyi fərqli olmuşdur. Türkiyə hökumətini tənqid edən və kürd üsyançı hərəkatını təbliğ edən siyasi çıxışlardan ibarət iki məktubu (sözügedən məktubda dövlət “cinayətkar təşkilat”, PKK isə “milli azadlıq hərəkatı” kimi qələmə verilib) dərc etdiyinə görə məhkum olunan Kamil Tekin Sürek AİHM-ə Konvensiyanın 6-cı və 10-cu maddərində nəzərdə tutulan hüquqlarının pozulması ilə bağlı müraciət edir. AİHM ərizəçinin hüququna müdaxilə ilə razılaşır, amma bunun təhlükəsizlik baxımından əsaslı olduğunu hesab edir. Həmçinin Məhkəmə razılaşır ki, hökumət separatçıların zorakılığa əl atdığı Türkiyənin qeyri-sabit cənub-şərq bölgəsinin təhlükəsizlik təhdidlərinə cavab verməli idi. Lakin bəzi hakimlər bu qərarla razılaşmayaraq hesab edirdilər ki, ifadə azadlığına olan müdaxilə əsasızdır, belə ki, ərizəçi Türkiyədə müəllif və nüfuzlu siyasi xadim deyil və məktublar Tükiyənin cənub-şərqinə yaxın olmayan İstanbulda dərc olunub. Məhz bu kimi səbəblərdən dolayı bu qərarı ifadə azadlığı yönündə geriləmə hesab edənlər də var [5].
AİHM-dəki hakimlərin yekdilliklə eyni mövqeyi paylaşmadığı daha bir qərar “Zana Türkiyəyə qarşı” işidir. Həmin qərarda Türkiyədə Diyarbəkir bələdiyyə sədri olmuş Zananın müsahibə zamanı dediyi ifadələrə (“Mən PKK azadlıq hərəkatını dəstəkləyirəm; digər tərəfdən mən qırğınların tərəfdarı deyiləm. Hər kəs səhv edə bilər və PKK səhvən qadın və uşaqları öldürür” ) görə ifadə azadlığını təhlükəsizlik çərçivəsində məhdudlaşmasının zəruriliyi müzakirə olundu. AİHM hesab edir ki, həmin vaxt həddindən artıq gərginliyin yaşandığı Türkiyənin cənub-şərqində PKK-nın mülki şəxslərə qarşı həyata keçirdiyi hücumlarla üst-üstə düşdüyü bir zamanda keçmiş bələdiyyə sədrinin bu çıxışı vəziyyəti daha da gərginləşdirə bilərdi, ona görə də məhdudlaşdırma zəruri idi. Bəzi hakimlərin qismən fərqli rəyinə əsasən isə Zananın niyyətinin nə olduğunu bildirməli olduğu iclasda iştirak etməməsi, ərizəçinin özünü müdafiə etmək imkanından məhrum edilməsi amilləri qərarın yönünü dəyişməli idi, həmçinin ərizəçiyə təyin olunan 12 ay müddətinə azadlıqdan məhrumetmə cəzası qeyri-mütənasibdir [6].
Əvvəldə
qeyd etdiyimiz ki, bu qəbildən olan işlərdə məlumatın nəşr olunduğu zaman,
ifadə azadlığının məhdudlaşdırılması fonunda nəşrə qoyulan qadağanın nə qədər
davam etməsi olduqca mühümdür. Belə ki, “Observer” və “Guardian” qəzetləri
Birləşmiş Krallığa qarşı” işində iddiaçı qəzetlər təqaüdə çıxmış kəşfiyyat
agenti Piter Raytın kəşfiyyat xidmətinin və onun agentlərinin iddia edilən
qeyri-qanuni fəaliyyətlərini ehtiva edən “Spayketçe” (Spycatcher) kitabından çıxarışlar nəşr etdirmək
istəyirdilər. Britanaiya Baş Prokrorluğu isə kitabdan olan çıxarışların nəşr
edilməsinə qarşı daimi məhkəmə qadağasının tətbiqi ilə bağlı məhkəməyə müraciət
etmiş və buna nail olmuşdur. Kitab isə bu müddətdə Amerika Birləşmiş
Ştatlarında nəşr olunmuş, həmçinin kitabın nüsxələri Birləşmiş Krallıqda
əlçatan olmuşdur, amma kitabın nəşrinə olan qadağa bundan sonra da davam
etmişdir. Avropa İnsan Hüquqları Məhkəməsi isə qeyd edir ki, kitab hər kəs üçün
əlçatan olduqdan sonra bu qadağalara bəraət qazandırmaq mümkün deyil. Yəni
məhkəmə hesab edir ki, müəyyən məlumatın açıqlanması milli təhlükəsizliyə zərər
gətirə bilərsə, mövcud risk həmin məlumat əlçatan olduqdan sonra aradan qalxır
[7].
Nəticə
Avropa İnsan Hüquqları Məhkəməsinin
qərarlarına nəzər saldıqda müşahidə edirik ki, ifadə azadlığının milli
təhlükəsizlik faktorunun əsas gətirilərək məhdudlaşmasının müəyyən edilməsi
məhkəmələr qarşısında da çətin məsələ olaraq qalır. Çünki bəzən hakimlər belə
eyni məsələ ilə bağlı tamamilə fərqli mövqedən çıxış edə bilirlər. Ona görə də
məhkəmələr bu kimi işlərə baxarkən hadisələrin baş verdiyi ərazidəki siyasi
vəziyyəti, real təhlükə imkanlarını, bəyanatların əhaliyə olan təsirini,
bəyanatın müəllifinin niyyətini, bəyanatın üslubunu, paylaşıldığı yeri, zamanı,
formasını, bəyanatın ictimai maraq doğuran məsələlərlə əlaqəsini ətraflı
araşdırmalıdır.
Mənbələr
- Avropa İnsan Hüquqları Konvensiyası (1950), https://www.coe.int/az/web/compass/the-european-convention-on-human-rights-and-its-protocols
- Solu K. Sorabjee, Freedom of Expression, 19 Commonwealth Law Bulletin (1993), https://heinonlineorg.ada.idm.oclc.org/HOL/Print?collection=journals&handle=hein.journals/commwlb19&id=1788
- Leroy Fransaya qarşı (2008), https://hudoc.echr.coe.int/eng?i=002-1888
- Belek Türkiyəyə qarşı (2012), https://hudoc.echr.coe.int/eng?i=001-120291
- Sürək Türkiyə qarşı (1999), https://hudoc.echr.coe.int/eng?i=001-58279
- Zana Türkiyəyə qarşı (1997), https://hudoc.echr.coe.int/tur?i=001-58115
- Observer və Guardian Birləşmiş Krallığa qarşı (1991), https://hudoc.echr.coe.int/eng?i=001-57705

Comments
Post a Comment